Basqal Mədəniyyət Evi
Basqal Mədəniyyət Evi
Mədəni irsin və ictimai həyatın yenidən canlandırıldığı yaradıcılıq məkanı
Basqal qəsəbəsində yerləşən Mədəniyyət Evinin tikintisinə 1978-ci ildə başlanılmış və bina 1980-ci ildə qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Həmin dövrdən etibarən Mədəniyyət Evi Basqal əhalisinin mədəni həyatında mühüm rol oynamış, burada müxtəlif bayram tədbirləri, konsert proqramları və ictimai-mədəni fəaliyyətlər təşkil edilmişdir.
2012-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli qərarına əsasən Basqal qəsəbə Mədəniyyət Evi İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin filialı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarı ilə isə bina Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir.
Yeni layihə çərçivəsində Basqal Mədəniyyət Evinin müasir yaradıcılıq və ictimai fəaliyyət məkanına çevrilməsi nəzərdə tutulur. Layihəyə əsasən burada uşaqların, böyüklərin və bütün kənd sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə şərait yaradılacaqdır.
Məkanda tamaşa və tədbirlərin keçirilməsi üçün tamaşa zalı, tədris məqsədli sinif otaqları, həmçinin rəsm-rəngkarlıq, ağacoyma, heykəltəraşlıq, keramika, toxuculuq, tikiş, şahmat və müxtəlif tədris kursları üzrə emalatxana və vorkşop otaqlarının yaradılması planlaşdırılır.
Basqal Mədəniyyət Evi yalnız yerli sakinlərin deyil, eyni zamanda Basqala gələn turistlərin də maraq göstərəcəyi, mədəniyyət, yaradıcılıq və sosial həyatın bir araya gəldiyi cəlbedici mərkəzlərdən birinə çevriləcəkdir.