Kəlağayı Emalatxanası
Basqalın qədim ipəkçilik və kəlağayı ənənələrinin yaşadıldığı sənət məkanı
Basqal qəsəbəsində fəaliyyət göstərən Kəlağayı Mərkəzi hazırda bölgədə kəlağayı istehsalı ilə məşğul olan yeganə mərkəz olmaqla yanaşı, turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Tikili özündə yaşayış, istehsalat və basmanaxış sahələrini birləşdirərək Basqalın zəngin sənətkarlıq ənənələrini yaşadır.
Mərkəzin bir hissəsi layihənin yaradıcıları Rəna İbrahimbəyli və Cəlil Tarıverdiyevin yaşayış evi kimi formalaşmış, digər hissələr isə kəlağayı istehsalı və ənənəvi naxış sənətinin qorunub inkişaf etdirilməsinə xidmət etmişdir.
Yeni layihə çərçivəsində İpək Mərkəzinin yaşayış, muzey və istehsalat bölmələrindən ibarət şəkildə yenidən təşkili nəzərdə tutulur. Ərazi daxilində yerləşən texniki tikili isə işçilərin dincəlməsi, qidalanması və gündəlik ehtiyaclarının qarşılanmasına xidmət edəcəkdir.
Layihənin əsas məqsədi Basqalın qədim ipəkçilik irsini qorumaq, kəlağayı sənətini gələcək nəsillərə ötürmək və bu məkanı həm yerli sakinlər, həm də turistlər üçün unikal mədəniyyət və sənət mərkəzinə çevirməkdir.